Yazını böyüt
Yazını kiçilt
"İftarın qeyd edilməsi bizim birliyimizin, qardaşlığımızın və dostluğumuzun daha bir sübutudur".
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan müsəlman icmasının şərəfinə təşkil olunmuş iftarda çıxışı zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan tarixən sülhpərvər ölkə, dini birgəyaşayış və tolerantlıq mərkəzi olub.
"Sizi müqəddəs Ramazan ayı münasibətilə təbrik edir, iftara gəldiyiniz üçün çox təşəkkür edirik. Əziz müsəlman cəmiyyətimizin ruhani liderlərini, dostlarımı burada görməkdən çox məmnunam. Bütün müsəlmanları, ölkəmizin bütün vətəndaşlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Biz bu ənənəyə bir neçə il əvvəl başlamışıq və uğurla davam edirik. İftarı qeyd etmək birliyimizin, qardaşlığımızın, dostluğumuzun daha bir sübutudur. Bilirsiniz ki, bir-birimizin inancına, adət-ənənəsinə, mədəniyyətinə xüsusi hörmətimiz var. Bu, hamımızın fəxr etməli olduğumuz bir xəzinədir. Bu əcdadlarımızın bizə qoyub getdiyi mirasdır. Ona görə də, hər bir dövlət bu irsi, sərvəti qoruyub saxlamağa və gələcək nəsilə ötürməyə borcludur", - İrakli Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan müsəlman icmasının vəhdəti baxımından fərqlənir. “Xüsusilə qeyd etmək istərdim ki, ölkəmiz müsəlman cəmiyyətinin vəhdəti baxımından fərqlənir. Sünnilər və şiələr - gürcü, azərbaycanlı, inquş müsəlmanları bu torpaqda qardaş kimi, sülh içində yaşayırlar. Bütöv bir müsəlman cəmiyyəti Gürcüstan adlı ailəmizin güclənməsinə töhfə verir. Belə bir müsəlman icması olmaq həqiqətən unikaldır və müasir dünyada nümunə sayıla bilər" deyən Baş nazir xatırladıb ki, onun ilk iqtidarı dövründə din agentliyi yaradılıb. O vaxtdan bəri çox yaxşı tədbirlər keçirilib, çox vacib işlər həll olunub və proses indi də davam edir.
Hökumət başçısı qeyd edib ki, Din Agentliyi yaranandan bəri 228 məscid müsəlman icmasının ixtiyarına verilib, 70-ə yaxın məscidin isə təhvilinə az qalıb. "Acariyada ilk baş nazirliyim dövründə müsəlman icması üçün yaxşı bir mərkəz qurmuşduq, indi Tiflisdə də eyni məqsədlə yer ayırmışıq", - Baş nazir deyib.

Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Gürcüstan müsəlmanlarının şyxi Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov çıxış ediblər.
İftarda İcra, Qanunvericilik və Diplomatiya Korpusunun nümayəndələri iştirak ediblər.